Avropalı məmurlar hazırın naziri olmaq istəyirlər

   Avropalı məmurlar    hazırın naziri    olmaq istəyirlər
  24 İyul 2024    Oxunub:222
Hazırda Rusiyadan aldığı təbii qazın həcmini kəskin şəkildə azaldan Avropa İttifaqı (Aİ) indi münasib qiymətə mavi yanacaq almaq üçün Bakıya müraciət edib. Lakin bu məsələdə öz üzərlərinə heç bir məsuliyyət götürmək istəməyən Brüssel bütün iqtisadi-siyasi riskləri Azərbaycanın üzərinə qoymağa çalışırlar.
Azərbaycanın Belçika və Lüksemburqdakı fövqəladə və səlahiyyətli səfiri, habelə Aİ-də Azərbaycan nümayəndəliyinin rəhbəri Vaqif Sadıxov “Financial Times” qəzetinə müsahibəsində qaz təchizatı məsələsində Aİ-nin Azərbaycanı “yanğınsöndürən” kimi qəbul etdiyini bildirib.

“Aİ təbii ki, Azərbaycandan qaz idxalını artırmaq istəyir, lakin eyni zamanda uzunmüddətli müqavilələr bağlamağa həvəs göstərmir. Xəzər dənizində qaz hasilatını artırmaq və Aİ-də əlavə tələbatı ödəməklə bağlı lazım olan maliyyəni cəlb etmək üçün Bakının uzunmüddətli müqavilələr şəklində əminliyə ehtiyacı var. Biz sehrbaz deyilik ki, sehrli çubuğumuzla 3-6 aya qaz ixrac edək. Bizə uzunmüddətli müqavilələr lazımdır ki, Xəzərdə dərin qazma işlərinin maliyyələşdirilməsi üçün banklara müraciət edək”, - Vaqif Sadıxov vurğulayıb.

Xatırladaq ki, ötən həftənin sonunda Şuşada keçirilən beynəlxalq media forumunda Prezident İlham Əliyev Avropa İttifaqının qaz təchizatı məsələsində Azərbaycana qarşı açıq-aşkar ikiüzlülü siyasət apardığını qeyd etdi. Dövlət başçısı bir tərəfdən Avropanın Bakıdan qaz tədarükünü artırmağı xahiş etdiyini, digər tərəfdən isə hasilatı artırmaq üçün zəruri tədbirləri maliyyələşdirməkdən boyun qaçırdığını diqqətə çatdırdı.


- Avropalı tərəfdaşlar Azərbaycanın əsas ixrac marşrutu olan “Cənub Qaz Dəhlizi”nin imkanlarını iki dəfə artırmasını istəyirlər. Biz ora milyardlarla sərmayə qoymalıyıq. Yeri gəlmişkən, biz “Cənub Qaz Dəhlizi”nə qoyulan investisiyalara görə xərclərimizi hələ də ödəməmişik. Qaz gəlirlərimiz bu borcun ödənilməsinə yönəlməkdə davam edir. Onlar bizdən ora milyardlarla sərmayə qoymağımızı gözləyirlər. Eyni zamanda deyirlər ki, on ildən sonra Avropa İttifaqının qaza ehtiyacı olmayacaq. Məgər biz, ehtiyacı olmayacaq qaza on milyardlarla dollar sərmayə qoyacaq axmaqlara oxşayırıqmı?”, - Azərbaycan Prezidenti Aİ məmurlarına mesaj ünvanladı.

Vaqif Sadıxovun 2022-ci ildə Azərbaycanla Aİ arasında birgə bəyanat (həmin bəyanata əsasən Azərbaycan 2027-ci ilə qədər Aİ üçün qaz hasilatını ildə 20 milyard kubmetrə çatdırmalıdır) imzalanmasına dair xatırlatmasına münasibət bildirən “Financial Times” yazır:
“Səfir Sadıxov Avropa Komissiyası ilə bu məqsədə necə nail olmaq barədə “dərin müzakirələrə” baxmayaraq, 2050-ci ilə qədər qalıq yanacaq istehlakını azaltmaq və istixana qazı emissiyalarını xalis sıfıra çatdırmaq ambisiyaları səbəbindən Aİ operatorlarının uzunmüddətli müqavilələr imzalamaqdan çəkindiyini bildirib. Eyni zamanda, Avropa ölkələrinin hakimiyyət orqanları kommersiya müqavilələrinin bağlanmasının hökumətlərin deyil, şirkətlərin səlahiyyətində olması ilə özünə bəraət qazanmağa çalışırlar”.


Məqalə müəllifləri xatırladırlar ki, son üç ildə Azərbaycan Avropaya qaz ixracını 12 faiz artırıb. Amma 2027-ci ilə qədər onu iki dəfə artırmaq üçün “Cənub Qaz Dəhlizi”nin ötürücülük qabiliyyətini artırmaq, eləcə də Xəzər dənizindəki yataqlardan qaz hasilatının artırılmasına əlavə vəsait yatırmaq lazımdır. Bununla belə, Brüssel 2021-ci ildə qəbul olunmuş qaydalara edilən dəyişikliklər səbəbindən layihəni maliyyələşdirə bilmir və Aİ büdcəsinin qalıq yanacaq infrastrukturuna xərclənməsinin qarşısını alır. Avropa İnvestisiya Bankının da əl-qolu oxşar məhdudiyyətlərlə bağlanıb.

“Biz Azərbaycana çox maraqlı olan bazar təklif edirik, lakin onu maliyyələşdirə bilmirik”, - Avropa İttifaqının təmsilçisi qəzetə müsahibəsində bildirib.

Beləliklə də, sübut olunur ki, Rusiya qazından tamamilə imtina etmək üçün öz qaz bazarını Azərbaycana açan Aİ, nədənsə bununla bağlı bütün maliyyə yükünü Bakının öz üzərinə, yaxud da ən yaxşı halda şirkətlərlə kommersiya müqavilələri bağlamalı və üçüncü tərəf banklarından kredit götürməli olduğunu düşünür. Yəni Aİ öz enerji təhlükəsizliyini təkcə Azərbaycanın qazı yox, həm də vəsaiti hesabına təmin etməyə çalışır.

Başqa sözlə desək, Avropalı məmurlar hazırın naziri olmaq istəyirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan     qaz  





Xəbər lenti